Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir Bakı Slavyan Universitetində baş tutub. Tədbirdə universitetin müxtəlif fakültələrindən olan tələbələr iştirak ediblər. Tədbiri təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatının sədri Rəsul Hüseynli açaraq, bu kimi təşəbbüslərin gənclərin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxış edərək, ölümdən sonra donor olmağın mənəvi aspektlərini vurğulayıb, həmçinin bu sahədə Koordinasiya Mərkəzinin əhəmiyyətini və məqsədini qeyd edib. "Mərkəzimizə hər gün onlarla insan donor müraciəti ilə üz tutur. Hətta müraciət edən insanların arasında bizə məktub yazanlar və öz dərdlərini bölüşənlər də kifayət qədər çoxdur. Bu səbəblə donor olmaq və 8-10 insanın hayatını xilas etmək ən böyük yaxşılıqdır" deyə Yeganə Abbasova qeyd edib. Yeganə Abbasova bunu da vurğulayıb ki, yalnız beyin ölümü diaqnozu qoyulmuş şəxslərin orqanları transplantasiya üçün yararlı sayılır.
Ardınca Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim- koordinatoru Mehriban Əliyeva çıxış edərək, orqan donoru olmaq üçün əsas meyarları, dünya ölkələrinin orqan donorluğu mərkəzlərinin fəaliyyətini və transplantasiya olunan insanların həyatında baş verən müsbət dəyişiklikər barədə məlumat verib. "İnsan həyatını dəyişir amma bununla yanaşı başqa bir insana həyat bəxş etməyə başlayır. Təsəvvür edin kimsə həyatda sizin gözlərinizlə dünyaya baxacaq,
kiminsə sinəsində sizin ürəyiniz döyünəcək, sizin duyğularınızla həyatına davam edəcək."
Tədbir tələbələrin sualları ilə davam edib. Daha sonra orqan donorluğuna dəstək olmaq istəyən tələbələr Səhiyyə Naziliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizələrini imzalayıblar.
Tədbirin sonunda iştirakçılara orqan donorluğunun loqosu əks olunmuş köynək və kepkalar hədiyyə edilib.